«Milli memarlıq brendimiz yaradılmalıdır» — Ekspertdən təklif

«Azərbaycan, Bakı , Gəncə, Naxçıvan, Qarabağ və digər bölgələrimizin adlarını həmin layihələrə verə bilərik».

Millitribuna.az xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev tikinti brendinin hazırlanması ilə bağlı təklif irəli sürüb.

Tikinti sektorunun ölkəmizdə sürətli inkişafı paytaxt və bölgələrimizdə yüzlərlə yeni tikili yaşayış binaları, ticarət obyektləri və dövlət əhəmiyyətli binaların tikilərək istifadəyə verilməsinə yol açıb. İnşa olunan bu tikililərin böyük əksəriyyətinin layihələri yerli memarlarımız tərəfindən hazırlanıb. Həqiqətən də cox möhtəşəm və dünya arenasına çıxa biləcək tikinti komplekslərimiz, yaşayış binalarımız var. Bu gün yüzlərlə köhnə tikili yaşayış binaları var ki, onları hər kəs proyektlərinə verilmiş adlarla xatırlayırlar.

Misal gətirmək olar ki, Daşkənt, Leninqrad, Bolqar, İtalyanka Fransız, Stalin, Xruşov və sair sadalamaqla bitməyən şəhərlərin və şəxslərin adlarını daşıyan tikinti layihələri var. Bu o deməkdir ki, həmin binalar qaldıqca onlar öz ölkələrinin və təmsil etdiyi şəxslərin adlarını daima yaşadacaqlar. Artıq necə illərdir ki, Azərbaycanın birinci xanımı, vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə müxtəlif sahələrdə Azərbaycan brendlərinin yaradılması yönündə işlər gedir və xeyli nəaliyyətlər də əldə olunubmuşdur.

Tikinti sahəsinin sürətlə inkişaf etdiyi ölkəmizdə nəyə görədə öz tikinti brendimizi yaratmayaq?

Tikinti işləri ölkəmizdə hələ uzun illər davam edəcək. Təklif edərdim ki, memarlarımız, inşaatçılarımız, tikinti şirkətləri və bu sahəyə aidiyyatı olan qurumlar tərəfindən müsabiqə yolu ilə yeni bina layihələri çəkilsin və ən mükəmməlinə «Azərbaycan» layihəsi adı verilsin. Və biz bu layihəni Azərbaycan brendi olaraq həm ölkəmizdə, həm də ölkə sərhədlərindən kənarda da inşa edək.

Çox gözəl olardı ki, bu lahiyədə milli memarlıq üslublarından da istifadə olunsun. Bu layihənin xarici görünüşü elə bir mükəmməl formada hazırlanmalıdır ki, binaya kənardan baxarkən Azərbaycanı xatırlatsın. Azərbaycan memarlığının tarixi çox qədim zamanlara gedib söykənir. Yüz illər əvvəllərdə tikilmiş memarlıq abidələrimiz var ki, o abidələr sayəsində bizim keçmiş kökümüz, mədəniyyətimiz və tariximiz bir sübut olaraq bu günə qədər gəlib catıb. Tək Qız qalasını misal çəkmək kifayət edər ki, bu memarlıq abidəsi Azərbaycanı bütün dünyada tanıdır.
Bu gün bizim müasir milli memarlığımız çox aşağı səviyyədədir. Düşünürəm ki, bu sahəyə aidiyyatı olan bütün qurumlar, təhsil müəssisələri və digərləri gec olmadan öz müasir milli memarlığımızın yenidən yaradılması üçün təcili tədbirlər görməlidirlər. Təsəvvür edin ki, hər hansısa bir xarici dövlətdə Azərbaycan layihəli binalar inşa olunarsa, bu binalar artıq ölkəmizin həmin ölkələrdə təmsilçisinə çevrilə bilər və daima Azərbaycanımızın adını yaşadar. Təbii ki, daxili proyektləri mükəmməl formada olmalıdır ki, bugünkü təlabata və standartlara uyğunlaşsın. Müxtəlif ölçülərdə fərqli layihələr hazırlayaraq Azərbaycan, Bakı , Gəncə, Naxçıvan, Qarabağ və digər bölgələrimizin adlarını həmin layihələrə verə bilərik.

Düşünürəm ki, ilk öncə öz ölkəmizdə həmin layihələr üzrə binalar inşa edərək şəhərlərimizin memarlıq ansamblını qoruyub saxlaya bilərik. Bu layihələr aidiyyatı qurumlar tərəfindən qəbul olunarsa, Dövlət Şəhərsalma və Arxitektura İdarəsinin dəstəyi ilə tikinti şirkətlərinə təqdim edərək kompleks şəklində öz müasir milli memarlığımızı dəbə sala bilərik.

Əmlak Eksperti: Elnur Fərzəliyev.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *