20 Yanvar faciəsinin 33-cü ildönümü Peru mətbuatında

Perunun ən qədim və nüfuzlu mətbu orqanı, rəsmi dövlət qəzeti “El Peruano”da 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Azərbaycanın bu ölkədəki səfiri Məmməd Talıbovun məqaləsi dərc olunub.

Azərbaycanın Meksikadaki səfirliyindən verilən məlumata görə, məqalədə müasir Azərbaycanın ən faciəli və eyni zamanda qəhrəmanlıq səhifəsi kimi yaddaşlarda qalmış qanlı yanvar hadisələrindən bəhs edilir, azadlıq, müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan xalqına qarşı yönəlmiş keçmiş SSRİ rəhbərliyinin dəhşətli, qəsdən düşünülmüş və planlaşdırılmış cinayəti barədə məlumat verilir.

Yazıda həmçinin, yaşlılar, qadınlar və uşaqlar da olmaqla 150 dinc sakinin soyuqqanlılıqla qətlə yetirilməsi, yüzlərlə insanın yaralanması ilə nəticələnən sovet qoşunları tərəfindən Azərbaycanda törədilmiş tarixi cinayətdən bəhs edilir.

Müəllif yazıda o günlərdə baş vermiş faciəli hadisələri və xain hücumun ağır nəticələrini hələ də xatırladığını bildirir. Yazıda sovet hərbi müdaxiləsinin Azərbaycan xalqını azadlıq uğrunda əzmli mübarizəsindən daşındıra bilmədiyi, əksinə 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini bərpa etməsi ilə nəticələndiyi qeyd edilir.

Məqalədə 20 Yanvar faciəsinin Azərbaycanın müasir tarixində dönüş anı olduğu, xalqımızın 2020-ci ildə böyük zəfərlə nəticələnmiş Vətən Müharibəsinin gedişində bir daha şücaət və mətanət nümayiş etdirərək, torpaqlarımızı uzun illərin işğalından azad etdiyi, növbəti dəfə azadlıq, müstəqillik və ərazi bütövlüyü hüququnu müdafiə etdiyi vurğulanır.

Sonda, Azərbaycan xalqının hər il ölkəmizin gələcəyi uğrunda canlarını fəda etmiş igid qəhrəmanların dəfn olunduğu Şəhidlər Xiyabanını ziyarət edərək onların əziz xatirəsini dərin ehtiramla yad etdiyi və bu faciəvi tarixin, milli hüzn günü olmaqla yanaşı, eyni zamanda Vətənimizin azadlığı və firavan gələcəyi naminə həlak olmuş qəhrəmanların qürurla anıldığı bir gün olduğu qeyd olunur.

https://www.elperuano.pe/noticia/202618-enero-negro-dia-de-luto-en-azerbaiyan

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir