Azərbaycanın daşınmaz əmlak üzrə eksperti Elnur Fərzəliyev yazır…
İlk növbədə bildirmək istəyirəm ki, Azərbaycanın ərazi bütövlüyünü dünyanın bütün dövlətləri təsdiq və qəbul edir. Təcavüzkar Ermənistan hökuməti Azərbaycanın 20 faizdən artıq ərazisini 28 ilə yaxın bir müddətdə işğal altında saxlasa da, sonda Azərbaycan Respublikasının Prezidenti, Ali baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu o torpaqları müharibə yolu ilə geri qaytardı. Siz ermənilər 28 il ərzində Azərbaycanın işğal altında saxladığınız kənd, rayon və şəhərlərini darmadağın etdiniz, dinc insanların qanlarını axıtdınız, əsirlərə vəhşicəsinə işgəncələr verdiniz, bu azmış kimi həmin ərazilərimizi başdan-başa minaladınız. Sizin bizə yanaşmanızdan fərqli olaraq, Azərbaycan ordusu müharibənin elit qaydalarına əməl edərək heç bir dinc əhali yaşayan kəndləri bombalamadı, dinc əhaliyə toxunmadı və onları əsir götürmədi. Bu, bir daha Azərbaycan Prezidentinin və xalqının humanistliyinin ali göstəricisidir.
Siz Azərbaycan ərazisində qanunsuz yaşayan etnik erməni nümayəndələri, bilin ki, bu gün sizin yaşadığınız ərazilər əzəli və əbədi Azərbaycan torpağıdır. Əgər siz bu ölkənin ərazisi daxilində kompakt şəkildə daimi yaşamaq istəyirsinizsə, o zaman Azərbaycan konstitusiyasına və qanunvericiliyinə uyğun olaraq yaşamalısınız. Sizin hazırda yaşadığınız evlərin, istifadə etdiyiniz torpaqların faktiki sənədləri Azərbaycan hökuməti tərəfindən rəsmi olaraq tanınmır. Çünki o sənədlər sizlərə hazırda mövcudluğunu itirmiş qondarma və separatçı rejim tərəfindən verilib.
Əgər yaşadığınız əmlaklara mülkiyyət hüquqlarının verilməsini və o əmlakların kapital dəyərlərinin artmasının, rəsmi olaraq sizə məxsus olmasını istəyirsinizsə, o zaman Azərbaycan hökumətinə müraciət edin. Edin ki, daşınmaz əmlaklarınızı Azərbaycan hökuməti öz qanunvericiliyinə uyğun olaraq qeydiyyata alsın. Əks halda siz o əmlakları nə sata, nə də bağışlaya bilərsiniz. Çünki hazırkı vəziyyətinizdə siz orada qəsbkar, başqasının evinə zorla girmiş qismində sayılırsınız. Unutmayın ki, faktiki olaraq təkcə Bakı şəhərində 30 mindən artıq erməni yaşayır və sizlərdən fərqli olaraq, onlar Azərbaycan vətəndaşı olaraq öz həyatlarından və yaşayışlarından çox məmnundurlar. Açın gözlərinizi ətrafınıza nəzər salın. Hazırda sizin darmadağın etdiyiniz ərazilərimizdə baş verən sürətli tikinti və quruculuq işləri Azərbaycanın iqtisadi inkişafının bariz nümunəsidir. Bilin ki, sizin içinizdəki separatçılar sizdən yalnız canlı sipər kimi istifadə edərək sizləri öz çirkin əməllərinin qurbanlarına çevirirlər. Bizim ərazilərimizdə Azərbaycan vətəndaşı olaraq yaşayıb normal həyat sürmək istəyirsinizsə, o zaman içinizdəki separatçılıqdan və separatçılardan qurtulun və adiyyati üzrə Azərbaycan hökumətinə müraciət edin.
Bizim torpaqlarda firavan yaşamağınızın yolu yalnız Azərbaycan qanunlarını və vətəndaşlığını qəbul etməyinizdən keçir. O zaman Bakıya qədər yolunuz açıq olacaq.
İndi seçim sizindir:
Heç bir mülkiyyət hüququ tanınmayan əmlaklarda yaşayaraq əli silahlı sülhməramlıların müşayiəti ilə stressli və həyəcanlı bir ömür sürmək, yoxsa Azərbaycan vətəndaşı olaraq tam sərbəst şəkildə firavan bir həyat yaşamaq?!